İnsan psixopat ola bilər və bundan heç vaxt xəbər tutmaya bilər
Aparıcı psixoloqlar qeyd edirlər ki, belə düşüncə tərzinə malik insanlar öz davranışlarını heç vaxt dağıdıcı və ya problemli hesab etmirlər.
İnsanda psixopatiya xüsusiyyətlərinin olması heç də həmişə antisosial davranış və ya cinayətə meyilliliklə müşayiət olunmur. Belə xüsusiyyətlərə malik insanlar uğurlu karyera qura, ailə sahibi ola və illərlə öz vəziyyətlərindən xəbərsiz yaşaya bilərlər. Onlar sadəcə ətrafdakı insanları həddindən artıq zəif hesab edə bilərlər.
Bu barədə BBC Science Focus nəşri yazır.
Psixopatiya dəqiq sərhədləri olan bir damğa deyil, müxtəlif fərdi xüsusiyyətləri əhatə edən geniş spektr kimi qiymətləndirilir. Alimlərin bildirdiyinə görə, psixopatik xüsusiyyətləri güclü olan insanlar çox vaxt öz davranışlarında problem görmürlər.
Akademik modelə əsasən, bu xüsusiyyətlər üç əsas komponentlə əlaqələndirilir: həddindən artıq cəsarət, davranış üzərində nəzarətin zəifləməsi və qəddarlıq. Tədqiqatçılar hətta qanunu pozmayan, lakin oxşar düşüncə xüsusiyyətləri nümayiş etdirən uğurlu insanların qiymətləndirilməsi üçün xüsusi şkala da hazırlayıblar.
Belə insanları gündəlik həyatda tanımaq olduqca çətin ola bilər. Bunun səbəbləri arasında onların zahiri cazibədarlığı və manipulyasiya bacarıqlarının inkişaf etmiş olması göstərilir. Onlar ətrafdakılarda güclü təəssürat yaratmağı bacarır, ekstremal stress şəraitində yaxşı fəaliyyət göstərir və məqsədlərinə soyuqqanlı şəkildə doğru irəliləyirlər.
Əsas problem isə empatiyanın zəif olmasıdır. Beynin fəaliyyət xüsusiyyətləri ilə əlaqədar olaraq, başqalarının göz yaşları və ya ağrıları onlarda gözlənilən emosional reaksiyanı yaratmaya bilər. Bununla belə, alimlər vurğulayırlar ki, bu xüsusiyyətlərə malik insanların hamısı sadist deyil. Onların bir qismi sadəcə başqalarının yaşantılarına laqeyd yanaşır.
Bəzən soyuqqanlı hesablamalar aparmaq və qorxunun zəif olması insanlara biznesdə, maliyyə sektorunda və təcili yardım xidmətləri kimi yüksək stressli sahələrdə böyük uğurlar qazanmağa kömək edə bilər. Bunun tanınmış nümunələrindən biri neyrobioloq Ceyms Fellondur. O, uzun illər manyakların beynini araşdırıb, lakin təsadüfən özündə də psixopatik xüsusiyyətlər aşkar edib.
Bununla belə, belə xüsusiyyətlərin korreksiyası çətin ola bilər. Səbəblərdən biri bəzi insanların mütəxəssisləri manipulyasiya etməyə meyilli olmasıdır. Müsbət dəyişikliklər yalnız insan öz davranışının dağıdıcı tərəflərini dərk etdikdə və dəyişmək istədikdə mümkün ola bilər.
Sunay Aydın

