İran mülki aviasiyasına tətbiq olunan sanksiyalara görə ABŞ-ı beynəlxalq məhkəməyə verəcək.
AZƏRTAC xəbər veir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abidzadə jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, İran bir neçə dəfə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) məktubla müraciət edib ki, sanksiyalar qanunsuzdur və aradan qaldırılmalıdır. Məktublarda göstərilib ki, sanksiyalar siyasi xarakter daşıyir. Halbuki İranın aviasiya sahəsində çalışan şirkətlər siyasi təşkilatlar deyil.
Ə.Abidzadənin sözlərinə görə, Avropa ölkələrinin aviasiya şirkətləri də ICAO-ya müraciət edərək sanksiyaların siyasi xarakter daşıdığını və şirkətlərə əsassız ziyan dəydiyini bildiriblər.
Bütün bunları nəzərə alan İranın Mülki Aviasiya Təşkilatı sənədləri toplayıb beynəlxalq məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Avropanın aviasiya şirkətləri böyük məbləğdə vergiödəyiciləridirlər. Onlar İran şəhərləri ilə Avropa şəhərləri arasındakı aviareyslərdən əldə etdikləri gəlirlərdən məhrum olsalar da, verginin həcmi azaldılmayıb ki, bu da şirkətlərin gəlirlərinin azalmasına səbəb olub. Belə olan halda həmin şirkətlərdə çalışanların əməkhaqqlarının və digər xərclərin ödənilməsində problemlər yaranır. Ona görə də, şirkətlər sanksiyaların aradan qaldırılmasını tələb edirlər.
Lakin təcrübə göstərir ki, beynəlxalq məhkəmənin qərarları ABŞ tərəfindən yerinə yetirilmir və beynəlxalq ictimaiyyət bunu susqunluqla qarşılayır. Ötən il BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi İranın müraciətinə əsasən əczaçılıq sahəsinə tətbiq olunan sanksiyalaraın aradan qaldırılması haqqında qərar verib. Məhkəmənin qərarında deyilirdi ki, səhiyyə sahəsinə tətbiq olunan sanksiyalar qanunsuz olmaqla yanaşı, humanizmə sığmır və ABŞ bu sanksiyaları qaradan qaldırmalıdır.
Lakin buna baxmayaraq, ABŞ sanksiyaları ləğv etməyib.