İranda həbsdə olan ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uayt sərbəst buraxılıb.
Ötən il İranın Ali dini lideri Əli Xameneyini təhqir etdiyi və şəxsi fotoqrafını internetdə yerləşdirdiyi üçün 10 il azadlıqdan məhrum edilən M.Uayt bu gün həbsdən azad olunduqdan sonra İsveçrə təyyarəsi ilə bu ölkəyə göndərilib.
Qeyd edək ki, sabiq hərbçi 2018-ci ilin iyulunda internetdə tanış olduğu iranlı qızla görüşmək üçün Məşhəd şəhərinə gəlib. Yaxınları M.Uaytın İrana səfər üçün vizası olduğunu bildiriblər.
Xatırladaq ki, bir neçə gün öncə casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri azadlığa buraxılıb. Ötən gün alim xüsusi təyyarə reysi ilə Tehrana gətirilib.
İran həbsxanalarında hazırda ABŞ-ın daha 3 vətəndaşı saxlanılır. Onlar casusluqda və qiyama təhriketmədə günahlandırılır. İranda 2007-ci ildə itən daha bir amerikalının harada olduğu isə məlum deyil. (APA)