İran son üç ayda koronavirus nəticəsində ölüm hallarının sayında bir gün ərzində ən yüksək artımdan sonra qapalı ictimai yerlərdə maska taxılmasının icbari olduğunu elan edib.
Prezident Həsən Ruhani bu addımın atılmasını iyunun 28-də elan edib. Eyni zamanda, ölkədə epidemiyanın ən çox təsirinə məruz qalan bəzi vilayətlərdə virusun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlərin yenidən tətbiq edilməsinə icazə verilə biləcəyi ilə bağlı xəbərlər verilib.
Ruhani maska taxılmasına dair yeni tələbin iyul ayının 22-nə qədər qüvvədə olacağını bildirib.
İranın ali dini rəhbəri Ayətullah Xameneyi bundan öncə ölkənin iqtisadi problemlərinin koronavirusun yayılmasına nəzarət edilməsə daha da pisləşə biləcəyi haqda xəbərdarlıq edib.
İranda mart ayında qeyri-əhəmiyyətli bizneslər və məktəblər bağlanıb və ictimai tədbirlər təxirə salınıb. Lakin hökumət aprel ayında sanksiyaların sarsıtdığı iqtisadiyyatı açmağa çalışaraq, məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.
İran iyunun 27-də 144 ölüm halı haqda məlumat verib. Bu, son üç ayda ən yüksək saydır. İran dünyada koronavirus epidemiyasının ən çox təsirinə məruz qalan 10 ölkə arasındadır. Ölkədə 222600 yoluxma və 10500-dən çox ölüm halı qeydə alınıb.
İslam respublikası pandemiyanın yayılmasının qarşısının alınması üçün tam qapadılma tətbiq etməkdən çəkinmişdi və maskalar və digər qoruyucu vasitələrdən istifadə edilməsi məcburi deyildi. (Amerikanın Səsi)