İranla yeni gərginlik nefti bahalaşdırdı– Qiymətlər sürətlə yüksəlir

ABŞ ordusunun İrana yenidən hava zərbələri endirməsi və atəşkəsin başa çatması barədə bəyanatlar qlobal enerji bazarlarında neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.

Azpost.info bildirir ki, qiymətlərdə kəskin yüksəliş müşahidə olunur. London birjasında “Brent” markalı neftin qiyməti son günlərdə 3% ilə 5% arasında əhəmiyyətli artım nümayiş etdirərək bir barel üçün 76-78 dollar səviyyəsini keçib.

ABŞ-ın “WTI” (Texas) nefti fyuçersləri də oxşar şəkildə dəyər qazanaraq barel başına 73-74 dollar həddinə yüksəlib.

Dünya bazarındakı bu dalğalanma fonunda Azərbaycan nefti də təxminən 2.6% bahalaşaraq 75.66 dollara çatıb.

ABŞ administrasiyası hərbi əməliyyatlarla paralel olaraq, İran neftinin hasilatına və satışına icazə verən müvəqqəti lisenziyanı dərhal ləğv edib. Bu qərar iyulun 17-dən etibarən qüvvəyə minəcək və İranın qanuni neft ixracı imkanlarını tamamilə məhdudlaşdıracaq. Bazar iştirakçıları qlobal tədarükün azalacağından ehtiyat edirlər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) zərbələrin İranın Hörmüz boğazındakı kommersiya gəmilərinə hücumlarına cavab olduğunu açıqlayıb. Dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi bu boğazda təhlükəsizliyin pozulması sığorta və yükdaşıma xərclərini artıraraq qiymətləri yuxarı doğru itələyir.

Analitiklər tərəflər arasında hərbi gərginliyin və qarşılıqlı zərbələrin davam edəcəyi təqdirdə, neft qiymətlərindəki yüksəliş tendensiyasının və bazardakı qeyri-müəyyənliyin daha da dərinləşəcəyini proqnozlaşdırırlar.

S.Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.