Rusiya və Ukrayna arasında aparılan sülh danışıqlarının növbəti mərhələsi bu gün İstanbulda başlayır. AzPost bildirir ki, iyunun 2-də Çırağan sarayında keçiriləcək görüşün açılış nitqini Türkiyənin xarici işlər naziri Hakan Fidan edəcək.
Bu barədə “RİA Novosti” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Rusiya nümayəndə heyəti artıq iyunun 1-də İstanbula gəlib. Ukrayna tərəfi isə daha əvvəl şəhərə daxil olub.
İlk görüş mayın 16-da baş tutmuşdu və həmin görüşdə tərəflər “1000-ə 1000” formatında əsir mübadiləsi barədə razılığa gəlmiş, gələcəkdə mümkün atəşkəs perspektivlərinə dair ilkin mövqelərini paylaşmağa razılaşmışdılar.
İstanbul danışıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və prosesin gedişi münaqişənin yumşaldılması baxımından əhəmiyyətli hesab olunur. Türkiyənin vasitəçi rolunda çıxış etməsi danışıqlara əlavə diplomatik çəki verir. Gözləntilər Hakan Fidanın açılış çıxışının tərəflərə müsbət siqnal verməsi və gərginlikləri azaltmağa töhfə verməsi istiqamətindədir.