“İstilik xidmətinə görə qiymətlər artırılmalıdır” –ASC rəsmisi ziyanla işlədiklərini AÇIQLADI

“Gələcəkdə Azərbaycanda əhalinin istilik xidmətinə görə ödədiyi haqlar şaxələndirilə bilər”. 

Azpost.info bildirir ki, bunu “Report”a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandakı istilik tarifləri MDB ölkələri arasında ən aşağıdır: “Əslində ərazidən asılı olaraq fərqli tariflər tətbiq olunmalıdır. Bu gün Azərbaycanda əhalinin istiliklə təmin olunması üçün xidmət haqqı hər kvadratmetr üçün 15 qəpik nəzərdə tutulub. Bu isə maya dəyərindən 6-10 dəfə azdır. Əgər başqa ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycanda bu sahədə tariflər çox aşağıdır. Belə ki, bizdə 0,09 dollar olduğu halda, Rusiyada ortalama 0,75 dollar, o cümlədən Moskva vilayətində 0,97 dollar, Qazaxıstanda 0,36 dollar, o cümlədən Almatıda 0,59 dollar, Belarusda güzəştsiz 1,24 dollar, güzəştli isə 0,21 dollar, Qırğızıstanın paytaxtı Bişkekdə 0,68 dollar, Ukraynanın paytaxtı Kiyevdə isə 1,23 dollardır. Mərhələli şəkildə xərclər aşağı salınmalı və tariflər artırılmalı, bu proses optimal nöqtəyə qədər davam etməlidir. Bundan sonra istilik xidməti bazarı liberallaşdırılmalı, bura özəl sektor da cəlb olunmalıdır”.

“Azəristiliktəchizat” rəsmisi onu da əlavə edib ki, Energetika Nazirliyi ilə birgə abunəçilərin istilik təchizatının yaxşılaşdırılması üzrə yeni qaydalar hazırlanıb: “Yeni qaydalarda bu sahəyə aid bütün məsələlər öz əksini tapıb. İndi həmin qaydaların hökumətdə təsdiqlənməsi prosesi gedir. Qaydalar üçün əsas sənəd “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” müəyyən edilib. Bu isə 2025-2030-cu illərə qədər işlərin davam etməsi deməkdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Verilişlər keyfiyyətli olsa, Bədii Şuralara ehtiyac olmaz”

Sonrakı məqalə

İlham Mirzəliyev: