“İtaliyada diplomatik əməkdaşların saxlanma təfərrüatlarını hələ bilmirik” –

Peskov
31 Mart 2021 - 15:03

“Kreml Rusiyanın İtaliyadakı attaşeliyinin əməkdaşının saxlanılmasının təfərrüatlarını hələ bilmir”.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda bu saxlamanın səbəbləri və şərtləri barədə məlumatımız yoxdur. Ancaq hər bir halda ümid edirik ki, Rusiya-İtaliya münasibətlərinin konstruktiv mahiyyəti qorunacaq”, – deyə Dmitri Peskov bildirib.

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bildirilib ki, şübhəlilər İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiya səfirliyi yanında çalışan zabitdir.

Səfirlik Rusiyanın İtaliyadakı Attaşeliyinin əməkdaşının saxlanıldığını təsdiqləyib.

İtaliya mətbuatı bu şəxslərin pul müqabilində məxfi sənədləri verərkən saxlanıldığını yazır.

Bu hadisədən sonra Rusiyanın İtaliyadakı səfiri İtaliya XİN-ə çağırılıb. İtaliya XİN Rusiya səfirliyinin iki əməkdaşının ölkədən dərhal çıxarılacağını açıqlayıb.