Jurnalistlərə mənzillərin verilmə qaydaları hələ dəqiqləşməyib –

KİVDF
08 May 2020 - 11:50

Bu il aprel ayının 4-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi dəyişdi. Vüqar Səfərli  Fondun İcraçı direktoru vəzifəsindən azad olundu, bu vəzifəyə Əhməd İsmayılov təyin edildi.

KİVDF rəhbərliyinin dəyişməsi mətbuatda gündəmə çevrilməklə bərabər, bu qurumun fəaliyyəti ilə bağlı müzakirələri də qızışdırdı. Ardınca Fondun yeni icraçı direktoru əvvəlki rəhbərliyin buraxdığı nöqsanları araşdırmağa başladı, cari heyəti qurumdan kənarlaşdırdı.

KİVDF-də rəhbərliyin dəyişməsi hazırda tikilməkdə olan 3-cü “Jurnalist binası”nın mənzillərinin  hansı qaydada verilməsi, həmçinin fondun vəsaitlərinin xərclənməsi məsələlərini də aktuallaşdırıb.

Bu il iyul ayının 22-də – Azərbaycan Mətbuatının 145 illik yubiley günündə jurnalistlər üçün tikilən 3-cü binanın istifadəyə veriləcəyi gözlənilir. Bəs həmin binada mənzillər necə paylanacaq?

Qarşıdan gələn bayram ərəfəsində fərdi jurnalist yazıları müsabiqəsi elan olunacaqmı? Fond KİV layihələrini hansı qaydada maliyyələşdirəcək?

Modern.az-ın əməkdaşı bu suallara cavab almaq üçün KİVDF ilə əlaqə saxlayıb.

Fondun məlumat mərkəzindən saytımıza bildirilib ki, 3-cü binadakı mənzillərin verilmə qaydası, fərdi jurnalist yazıları müsabiqələrinin keçirilmə proseduru hələ ki dəqiqləşməyib.

Məlumatda o da qeyd edildi ki, yaxın vaxtlarda bütün prosedurlara aydınlıq gətiriləcək.

Bu isə o deməkdir ki, həm mənzillərin verilmə qaydası, həm də müsabiqələrin keçirilmə proseduru dəyişəcək.