Kərbəlada iğtişaşlar:

14 nəfər həlak olub, 865 yaralı var
29 Oktyabr 2019 - 17:34

İraqın Kərbəla şəhərində iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin böyük insan kütləsinə atəş açması nəticəsində ən azı 14 nəfərin öldüyü, 865 yaralının olduğu bildirilir.

Azərtac xəbər verir ki, məlumatı şəhər xəstəxanalarına istinadla Reuters agentliyi yayıb.

Qeyd olunur ki, bazar ertəsi iraqlılar Baş Nazir Adil Əbdül Mehdinin hökumətinə qarşı etiraz aksiyası keçiriblər. Onlar sosial-iqtisadi problemlərə etirazlarını bildirib, korrupsiyanın aradan qaldırılması tələbi olan şüarlar səsləndiriblər. Ümumilikdə, bu ölkədə oktyabrın 1-dən bəri iğtişaşlarda ölənlərin sayı 250 nəfərə çatıb.

Bazar ertəsi axşam Bağdadda keçirilən etiraz aksiyalarına qoşulan Kərbəla şəhərində polis və hərbçilər etirazçılara odlu silahlardan atəş açıblar. Müdafiə Nazirliyi bu insidenti pisləyən bəyanat yayıb və bildirib ki, nümayişçilərə atəş açanlar ordunu təmsil etmirlər.

Məlumata görə, hökumətin istefasını tələb edənlərin önündə tanınmış şiə din xadimi Müqtəda əl-Sədr gedir.