Azərbaycanın bir sıra iri şəhər və rayonlarında tətbiq ediləcək sərtləşdirilmiş karantin rejimində vətəndaşların ev heyvanlarını gəzdirməsinin necə tənzimlənəcəyi məlum olub.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Report”un sorğusuna cavab olaraq deyib ki, sərt karantin günlərində ev heyvanları olan itlərini gəzdirmək istəyən vətəndaşlar bundan sui-istifadə hallarına yol verməməlidir.
“Sərt karantin günlərində insanların ev heyvanları olan itlərini gəzdirməsində problem yoxdur. İtini qısa müddət ərzində gəzdirmək istəyən şəxslərin evdən küçəyə çıxmasına qadağa tətbiq edilmir. Amma təbii ki, vətəndaşlar da bundan sui-istifadə etməməlidirlər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə “Report”a açıqlamasında bildirib ki, itlərin park və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: “Vətəndaş itini küçəyə çıxarmaq zərurəti yaranarsa, yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımi tədbirləri alıb və alacaq”.
Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Həmin müddət ərzində qeyd olunan şəhər və rayonların ərazilərində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla) və əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul 2020-ci il saat 00:00-dək uzadılıb.