Kartla ödəniş edənlərin sayı artır– Bu dəyişiklik biznesə necə təsir edir?

Bank kartı
Bank kartı

Azərbaycanda rəqəmsal ödənişlərin sürətlə yayılması kiçik və orta sahibkarlıq üçün yeni imkanlar açır. Son illərdə kartla ödənişlərin, mobil bankçılığın və QR kod vasitəsilə alış-verişin artması həm istehlakçı davranışını, həm də biznes modellərini dəyişməyə başlayıb.

Azpost.info xəbər verir ki, iqtisadçılar nağdsız ödənişlərin genişlənməsini şəffaf iqtisadiyyatın inkişafına və kiçik sahibkarların dövriyyəsinin artmasına təsir edən əsas amillərdən biri hesab edirlər.

Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən aylıq nağdsız ödənişlərin sayı orta hesabla 220–240 milyon ədəd arasında dəyişir. Azərbaycan Mərkəzi Bankının (AMB) son rəsmi statistikasına əsasən, ölkədə nağdsız əməliyyatların sayı və həcmi hər ay artmaqdadır. 2026-cı ilin may ayı ərzində ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 680 milyon manat təşkil edib. 2025-ci ilin yekunlarına görə, ölkə daxilində nağdsız ödənişlərin illik həcmi 99,1 milyard manata çataraq tarixi rekord vurub

Mütəxəssislərin sözlərinə görə, əvvəllər yalnız iri market və restoranlarda istifadə edilən POS terminallar artıq kiçik mağazalar, gözəllik salonları, taksi xidmətləri və hətta fərdi sahibkarlar üçün də əlçatan olub. Bu isə alıcıların rahatlığını artırmaqla yanaşı, satışların artmasına da müsbət təsir göstərir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, nağdsız ödənişlərin artması biznesin maliyyə intizamını gücləndirir və bank kreditlərinə çıxışı asanlaşdırır. Rəsmi dövriyyənin artması sahibkarların investisiya cəlb etmə imkanlarını da genişləndirir.

Digər tərəfdən, rəqəmsal ödənişlərin artması kibertəhlükəsizlik məsələsini də ön plana çıxarır. Maliyyə ekspertləri vətəndaşlara kart məlumatlarını üçüncü şəxslərlə paylaşmamağı, yalnız etibarlı platformalardan istifadə etməyi və mobil bank tətbiqlərində iki mərhələli identifikasiyanı aktivləşdirməyi tövsiyə edirlər.

Analitiklər hesab edirlər ki, elektron ticarətin genişlənməsi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı yaxın illərdə Azərbaycanda kiçik biznesin rəqabət qabiliyyətini daha da artıracaq. Xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar üçün onlayn satış kanallarının genişlənməsi yeni bazarlara çıxış imkanı yaradır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.