Azərbaycanın kənd təsərrüfatında dəstək sistemləri yenidən nəzərdən keçirilməlidir.
AzPost “Report”-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış” adlı panel müzakirələrində bildirib.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatının gələcək inkişafı üçün mövcud dəstək mexanizmləri ilə yanaşı, yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir.
O vurğulayıb ki, fiskal güzəştlərlə yanaşı, məhsulların xarici bazarlara çıxarılması üçün logistik dəstək, habelə sığorta və institusional əməkdaşlığın gücləndirilməsi vacibdir. “Bizim təşviq sistemimiz iqlim çağırışlarını nəzərə almalı, sudan istifadə də qənaətə və innovasiyalara fokuslanmalıdır”.
S.Bəşirli əlavə edib ki, kənd təsərrüfatı siyasəti məhsuldarlıqdan çox davamlılığa yönəlməlidi.
Nazir müavini bildirib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı siyasətində dəyişiklikləri qaçılmaz edir: “İndiyədək əsas fokus məhsuldarlığın və məhsul bolluğunun artırılması olub. Amma gələcəkdə əsas hədəf davamlılıq və resursların qorunması olmalıdır. Quraqlığa davamlı bitkilər və sudan qənaətlə istifadə ön plana çıxmalıdır”.