Koronavirusa görə Ağ Evin təhlükəsizlik xidməti rəisinin ayağını kəsdilər

19 Dekabr 2020 - 12:19

Ağ evin təhlükəsizlik xidmətinin rəisi Krid Beylinin ayağı COVID-19 infeksiyasının ağırlaşması səbəbindən amputasiya edilib.

Bu, koronavirus infeksiyasının fəsadları ilə bağlı Ağ evlə əlaqədar rəsmi qeydə alınan ən ciddi haldır.

Beyli COVID-19 infeksiyasına yoluxandan sonra üç ay ərzində intensiv müalicə şöbəsində olub. Bu barədə ona kömək məqsədilə vəsait toplanması üçün təşkil olunan kampaniyanın nümayəndələri bildiriblər. O, xəstəliyin ağır forması nəticəsində bərpaolunmaz zədələr, o cümlədən sağ ayağının dizdən aşağı və sol ayağının baş barmağının amputasiyasına məruz qalıb.

Yardım kampaniyasının sosial şəbəkələrdəki səhifəsində bildirilir ki, bu yaxınlarda bərpa müəssisəsinə köçürülən Beyli indi böyük məbləğdə tibbi xərclərlə üzləşir. O, sentyabrda, koronavirusa yoluxması aşkarlanandan dərhal sonra xəstəxanaya yerləşdirilib.

Ağ evin onlarca əməkdaşında və Prezident Donald Trampın müttəfiqlərində COVID-19 infeksiyasının yoxlanması ilə bağlı testin nəticəsinin müsbət olması aşkarlandıqdan sonra xəstəlik daha da yayılıb. Prezident, birinci xanım və onların yeniyetmə oğlu da yoluxanların siyahısında idi.