Birinci Qarabağ müharibəsi veteran Etibar Məlikov “Kristal Abşeron” şirkətindən şikayətçidir.
Qaranbağ veteranını Azpost.info-ya ünvanladığı müraciətində bildirir ki, Qanlı Göl massivi 2A ünvanda 4 sota yaxın torpağı, 21.84 kvadrat metr sahəsi olan otaq və sanitar qovşağı olan mənzili var. Bu mənzil 30 ildən artıqdır ki, onun istifadəsindədir: “Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə tingləri əkərək onlara qulluq edib böyütmüşəm. Birinci Qarabağ müharibəsinin ağır döyüşlərində qəhrəmancasına döyüşmüş, Şuşada, Kərkicahand, Xocalıda, Xocavənddə, Ağdərədə, Füzulidə və başqa yerlərdə ermənilərlə ağır döyüşlərdə iştirak etmişəm. Gözümün qarşısında neçə-neçə dostum, silahdaşım şəhid olub, ağır yaralanıb. Hazırda Hüseyn Cavid prospektində yerləşən yataqxanada18 kvadratmetrlik darısqal otaqda yaşayıram. Ötən ilin ortalarından “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirib. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi isə saxlayıblar axıra. Razılaşan qonşuların hasarlarını söküb evimin hər tərəfini zibilliyə çevirəndən, su sayğacımı sındırıb atandan, evin şüşələrini çilik-çilik edəndən sonra məni şirkətə dəvət etdirlər.
Şirkətin əməkdaşı Şahvələd müəllimlə görüşdə evimin və sanitar qovşağın taxtadan tikildiyini bəhanə gətirərək mənə heç cür mənzil verə bilməyəcəklərini bildirdi. Mənzilimin içərisinin yalnız 15 kvadratmetr ərazisi olduğunu iddia edərək ümumilikdə 1500 manat kompensasiya təklif etdi (kvadratmetrinə 100 manat) və müharibə veteranına hörmət əlaməti olaraq məbləğin iki mislini, yəni 3000 manat veriləcəyini bildirdi. (Halbuki mənzilin ölçülməsi zamanı verilən aktda evin və sanitar qovşağın iç ölçülərinin 21.84 kvadrat metr olduğu yazılıb). Şahvələd müəllim pulu götürməyə razılaşmasam məni Yasamal Rayon İcra Hakimiyyəti ilə hədələdi. Guya həmin ərazidə yaşayanların hamısının əlində sənəd varmış təkcə məndən başqa”.
Etibar Məlikovun sözlərinə görə, “Kristal Abşeron”un əməkdaşı iddia edib ki, Bakı Şəhər İcra Hakimiyyəti ərazini şirkətə ayırıb. Rayon İcra Hakimiyyətinə də tapşırılıb ki, ərazini boşaldaraq “Kristal Abşeron”a təhvil versin.
Şikayətçi daha sonra yazır: “Hazırda yataqxanada yaşadığımı, son ümidim olan mənzilimi heç kəsə verməyəcəyimi, şəraitsizlik üzündən iki qızımın qohum evində yaşadığını, yalnız mənzil müqabilində şirkətlə razılaşacağımı söylədim. Şirkətin təmsilçisi Şahvələd müəllim “mənim özümün də problemlərim başımdan aşır, danışsam evi havayı verib gedəcəksiz” dedi və sonda rəhbərliklə bizim təklifimizi müzakirə edib nəticəsini 1-2 günə bildirəcəyinə söz verdi. Lakin Şahvələd müəllim neçə gün keçsə də özünə sığşdırıb rəhbərliyin cavabını da mənə bildirməyib. Əvəzində isə mənim əllərim ilə əkdiyim, qulluq etdiyim ağacları kökündən çıxarıb atırlar. Bakı kimi şəhərdə yaşıllıq və təmiz havaya nə qədər ehtiyac olduğunu xatırlatmaq yersiz olardı.
İnanırıq ki, “Kristal Abşeron” şirkətinin də bu özbaşınalığı cavabsız qalmayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da vaxt tapıb adıçəkilən ünvana baş çəksələr yaşıllıqların necə talan edildiyini öz gözləri ilə görəcəklər.
Şirkətin Qanlıgöl ərazisində yaşayış kompleksi tikmək haqqında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına gəlincə, orada sakinlərlə razılıq əsasında tikinti və abadlıq işlərinin aparılmasına icazə verilir. Heç bir dövlət qurumu nə bir sakini, nə də bir Qarabağ müharibəsi iştirakçısını, daxili işlər orqanlarının veteranının ağaclarını kəsməyə, mənzilini yararsız hala salmağa, özünü çölə atmağa göstəriş verməyib. Mən buna əminəm. Dövlət hər zaman çətin gündə vətəndaşın yanında olub və Qarabağ müharibəsi veteranları xüsusi qayğı ilə əhatə olunub. Bunu şirkət rəhbərliyi də yaxşı bilir. İnanıram ki, tezliklə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Daxili İşlər naziri Vilayət Eyvazov, eləcə də digər müvafiq dövlət qurumları problemin həllinə kömək göstərəcək və son ümidini 4 sot torpağa, 21.8 kvadratmetr mənzilə bağlayan Birinci Qarabağ müharibəsi iştirakçısının hüquqlarının müdafiəsinə yardım göstərəcək”.
Etibar Məlikovun iddiaları ilə bağlı “Kristal Abşeron”un mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz nəticə vermədi.
Azpost.info