Zərdabda 13 yaşlı yeniyetmə qız Kür çayında batıb. Oxu.Az xəbər verir ki, hadisə dekabrın 24-də, səhər saatlarında Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 8-ci sinif şagirdi olan Saray Sərvan qızı Kərimli səhər-səhər məktəbə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar və hazırda yeniyetmənin tapılması istiqamətində zəruri işlər həyata keçirilir. "Dərs adı ilə evdən çıxıb, məktəbə çatmayıb. Sonradan müəllimləri məlumat alıblar. Çantasını Kürün qırağından tapıblar", - yeniyetmənin əmisi Zamin Kərimov Baku TV-yə danışarkən bildirib.