“Cənubi Kuril adaları Yaponiyanın ayrılmaz hissəsidir və Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”.
Azpost.info xəbər verir ki, bəyanatı “Kyodo” agentliyi Yaponiya hökumətinə istinadən yayıb. “Bu, Yaponiyaya məxsus olan, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunmuş ərazidir”, -Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən, ölkənin xarici siyasəti və beynəlxalq diplomatiyasına dair illik hesabatda deyilir. “Kyodo” qeyd edir ki, sonuncu dəfə “işğal” termini 2003-cü ildəki hesabatda istifadə olunub. Ritorikanın dəyişməsi Ukrayna hadisələri ilə izah edilir. Eyni zamanda qeyd edilir ki, indiki şəraitdə Rusiya ilə ərazi danışıqları perspektivindən danışmağa ehtiyac yoxdur. İkinci Dünya müharibəsinin nəticələrinə görə, Rusiya və Yaponiya hələ də sülh müqaviləsi bağlamayıb. Müqavilənin imzalanmasına Kuril adaları ilə bağlı ərazi mübahisəsi mane olur. Bundan əvvəl Tokio “İturup”, “Kunaşir”, “Şikotan” və “Habomai” adalarının geri qaytarılmasını müqavilənin imzalanması üçün əsas şərt adlandırmışdı. Rusiyanın mövqeyi ondan ibarətdir ki, cənub Kuril adaları II Dünya müharibəsindən sonra qanuni olaraq SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın onlar üzərində suverenliyi şübhə doğurmur. Xatırladaq ki, martın 21-də Rusiya XİN Moskvanın Yaponiya ilə sülh danışıqlarından çıxdığını, həmçinin yaponların Kuril adalarının cənubuna vizasız gediş-gəlişini ləğv etdiyini açıqlamışdı.
Azpost.info