Lənkəran Dövlət Universitetində (LDU) tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasimi olub.
Bu barədə Azpost.info-ya Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. Təhsil Nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin ilk günü Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.
Şıxəkəran kəndində inşa olunmuş yeni tədris binasının açılışından sonra rəsmilər Lənkəran Dövlət Universitetində (LDU) tələbə yataqxanasının və 2 yeni tədris binasının açılış mərasiminə qatılıblar.
Aaçılış mərasimini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə,kadr hazırlığına müsbət təsir göstərəcək,digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov qeyd edib ki, yeni tədris binalarının istifadəyə verilməsi fakültələrin ayrıca tədris korpusları ilə təmin olunmasına şərait yaradıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov universitetdə tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək,bunun tələbələrin mənzil-məşət şəraitinin yaxşılaşdıracağına müsbət təsir göstəcəyini deyib.
Nazir müavini bildirib ki, ölkə üzrə 48 tələbə yataqxanasından 27-də qaçqınların məskunlaşması, 13-nün təmirsiz olması səbəbindən hazırda ölkə üzrə cəmi 8 tələbə yataqxanası fəaliyyət göstərir ki, bu da narahatlıq doğurmaya bilməz.Ona görə də tikilən hər yeni yataqxana binası bu istiqamətdə atılan mühüm addımdır. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən F.Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.
Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Dövlət Universitetinə yüksək balla qəbul olunmuş tələbə Leyla Məmmədli, valideyn Qədim Abbasov çıxış edərək tələbə və müəllimləri yeni dərs ilinin başlanması, tələbə yataqxanası və yeni tədris korpuslarının açılışı münasibətilə təbrik ediblər.
Məlumat üçün deyək ki, 160 yerlik tələbə yataqxanasında tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb,otaqlar zəruri məişət avadanlıqları,fasiləsiz internetlə təmin olunub.Yataqxanada idman zalı,kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq.Yataqxana binasında videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib.Tədris korpusları da müasir tədris avadanlıqları,laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb.
Xatırladaq ki, hazırda LDU-da 31 ixtisas üzrə 3875 bakalavr və magistr təhsil alır. 2019-2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə 1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.