Lənkəranda “dəfn olunmuş” Vətən Müharibəsi qəhrəmanı evinə gəlib –

FOTO
02 Mart 2021 - 12:01

Erməni əsirliyindən azad olunaraq Vətənimizə gətirilən, bir müddət hospitalda müalicə edilən leytenant Vəliəhəd Şakir oğlu Vəliyev doğulduğu Lənkəran şəhərinə gəlib.

Azpost.info Azərtac-a istinadən bildirir ki, qəhrəman qazimiz Lənkəranda böyük izdihamla qarşılanıb. Əllərində üçrəngli bayraqlarla cəsur döyüşçümüzü qarşılamağa gələnlər “Ən böyük əsgər, bizim əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndirərək qazimizə minnətdarlıq ifadə ediblər.

Daha sonra qazimiz Lənkəran Şəhidlər Xatirə kompleksinə gələrək, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıb.

Qazi Vəliəhəd Vəliyev deyib: “Ali Baş Komandanımıza təşəkkürümü bildirirəm. Prezidentimiz məni düşmən əsirliyindən xilas edib yenidən Azərbaycana qaytardı. Bu işdə əziyyəti olanlara minnətdaram. Həkimlərin, tibb bacılarının əziyyətləri çox olub. Onlar məni yenidən sağlamlığıma qovuşdurdular”.

Vəliəhəd Vəliyevin atası Şakir kişinin sevincinin həddi-hüdudu yox idi. “Prezidentimiz var olsun, bu sevinci bizə bəxş etdi. Bizim əsgərlərimiz, hərbiçilərimiz Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüblər. Canlarını belə əsirgəməyiblər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin”, – deyən Şakir Vəliyev sevinc hisslərini ifadə edib.

Azpost.info xatırladır ki, Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Vəliəhd Vəliyevin şəhid olduğu xəbəri verilmişdi. Bununla bağlı rayonda dəfn mərasimi keçirilib. Sonradan bu məlumatın doğru olmadığı məlum olub.

Qeyd edək ki, 23 yaşlı zabitimiz Vəliəhəd Vəliyev Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanmış və işğalçı Ermənistan ordusunun hərbçiləri onu əsir götürmüşdü.

Ali Baş Komandan Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də erməni əsirliyindən azad olunaraq Vətənə gətirilib.