Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması Ermənistanın sülhə maraqlı olmadığının əyani sübutudur- Ombudsman

Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd, regionda sülhə təhdid xarakterli Azərbaycana qarşı hərbi təxribatları hələ də davam etməkdədir.

2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması Ermənistanın sülhə maraqlı olmadığının növbəti əyani sübutudur.

Bu fikirlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ermənistanın növbəti silahlı təxribatı ilə bağlı müraciətində yer alıb.

Qeyd edilib ki, məlum olduğu kimi, 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmuş və fəaliyyəti müddətində nəqliyyat vasitələrinin və Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib.

Humanitar məqsədlər üçün istifadə olunan bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, orada çalışan hərbi qulluqçuların, keçiddən istifadə edən mülki əhalinin həyat və sağlamlığına təhdid olmaqla yanaşı, regionda sülh quruculuğu prosesinə və Azərbaycan dövlətinin ərazi bütövlüyünə bir qəsd kimi qiymətləndirilməlidir.

“Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) olaraq beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn kobud pozuntusu olan bu hərbi təxribatı qətiyyətlə pisləyir, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, Ombudsman təsisatlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırıram”, – deyə müraciətdə bildirilib.

Əvvəlki məqalə

Laçında yaradılacaq müəssisələrdə 1200 nəfərin işlə təmin olunacaq

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb