Leysan Xaçmazda 20-dən çox evi dağıdıb –

avtomobil körpüləri yararsız vəziyyətə düşüb (FOTOLAR)
18 Noyabr 2020 - 11:42

Noyabrın 16-dan yağan leysan yağışlar Xaçmaz rayonunun müxtəlif yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Təbii fəlakət nəticəsində yolları su basıb, sel suları yüzlərlə fərdi yaşayış evlərinin içərisinə dolub.

Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, nəticədə 300-dən artıq fərdi yaşayış evinə ziyan dəyib, 20-dən artıq ev təbii fəlakət nəticəsində dağılıb.

Yağışlar nəticəsində yaranmış sel Vəlvələçay və Qaraçay çaylarının üzərindəki avtomobil körpülərini yararsız vəziyyətə salıb. Davamlı xarakter alan leysan yağışlar əkin sahələrinə və fərdi təsərrüfatlara ziyan vurub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ziyan dəymi. ərazilərdə olub, sakinlərlə görüşüb.

Elnur Rzayev bildirib ki, yaranmış vəziyyətlə əlaqədar bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sakinlərə dəymiş ziyan araşdırılır.

Zərərçəkmiş insanların diqqətinə çatdırıb ki, Azərbaycan dövləti hər zaman ən çətin məqamlarda öz vətəndaşının yanında olub. Bundan sonra da hər bir rayon sakininə baş vermiş təbii fəlakətlə bağlı müvafiq köməklik göstəriləcək. (APA)