Almaniyanın “Lufthansa” hava yolları şirkəti Tehrana uçuşları dayandırıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “Lufthansa” Tehran və onun ətrafında hava məkanında təhlükəsizlik vəziyyətinin qeyri-müəyyən olması səbəbindən yanvarın 20-dək İranın paytaxtına uçuşları ləğv etdiyini açıqlayıb.
Almaniya hava yolları şirkəti bu addımın ehtiyat tədbiri kimi görüldüyünü bildirib.
Avstriya Hava Yolları da eyni addımı atıb və yanvarın 20-nə qədər Tehrana uçuşların olmayacağını bəyan edib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər. Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarəyə raketin dəydiyinə dair versiyanın istisna olunmadığını, lakin bunun hələlik təsdiqlənmədiyini bildirib.