“Məktəbdən uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”

- Bakı polisi (FOTO)
24 Yanvar 2020 - 12:43

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”. 

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Bakı şəhər BPİ və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır.

Qeyd edək ki, “whatsapp” sosial şəbəkəsində Bakıda uşaq oğuruğu ilə məşğul olması iddia edilən qadının fotosu paylaşılıb. İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşaraq, onları aldadaraq oğurlamaq istəyib. Bildirilir ki, ərazidə olan valideynlər qadına mane olublar.