Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti icraata verilib.
Bu barədə zərərçəkənin hüquqi varisinin nümayəndəsi Emin İsayev bildirib. Onun sözlərinə görə, şikayətləri üzrə məhkəmə dekabrın 20-də saat 11-də hakim Kamran Əkbərovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.
Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.