“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Fuad Əliyevlə görüşüb.
Bu haqda Azpost.info-ya açıqlama verən Koalisiya üzvü Səadət Bənənyarlı bildirib ki, Monitorinq Koalisiyasını onunla bərabər insan haqları müdafiəçisi Novella Cəfəroğlu və professor Əhməd Qəşəmoğlu, politoloq Adəm İsmayıl təmsil edib.
Onun sözlərinə görə, görüş müstəqil namizəd olan Fuad Əliyevin seçki qərargahında keçirib. Tərəflər 7 fevral seçkisinə hazırlıqla bağlı detallı müzakirə aparıblar. Fuad Əliyev bildirib ki, təbliğat dönəmi uğurla davam edir, keçmişdə rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının bazasında yaradılan Vətəndaş Birliyi Seçki Qərargahının seçkiyə hazırlığı yüksək səviyyədədir.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyası təmsilçiləri isə namizədə seçki günü keçirəcəkləri monitorinqlə bağlı detallı bilgi veriblər. Onların sözlərinə görə, ölkə üzrə Seçki Dairələrinin təxminən yarısında koalisiyanın müşahidəçiləri çalışacaq. Tərəflər həm seçkiyə qədər, həm də seçki günü əməkdaşlığı davam etdirmək haqqında qərar qəbul ediblər.