Məhkəmədə «yalançı vəsatət» qaldırmaq daha mümkün olmayacaq

Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar nəticəsində adətən məhkəmə prosesini uzatmaq üçün istifadə olunan «yalançı vəsatətlər»in qarşısı alınıb.

Bu barədə fed.az-a Məhkəmə-Hüquq Şurasının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev bildirib.

Onun sözlərinə görə, bəzən məhkəmələrdə vəkillər tərəfindən vaxt uzadılması üçün yalançı vəsadətlər qaldırılır: «Bilə-bilə ki, qaldırdığı məsələ qəbul olunmayacaq və səhvdir, yenə də vəsadət qaldırırlar ki, vaxt udsunlar. Nəticədə məhkəmələrdə mübahisələrə baxılması aylarla uzanır».

MHŞ-nın nümayəndəsi bildirir ki, bununla da tərəflər onlara verilən prosesual vasitələrdə sui-istifadə edirdilər. Bu məqsədlə ən çox yayılan vəsatət məhkəmə aidiyyatı (yəni hər hansı işiə hansı məhkəmənin baxmalı olduğu) ilə bağlı vəsatətlərdir.

«Məsələn, inzibati iqtisadi məhkəmədə baxılan işin tərəflərindən biri, vəsatət qaldıraraq bu işə rayon məhkəməsində baxılmasını tələb edirdi, bu vəsatət rədd olunanda, tərəf Apellyasiya məhkəməsinə, daha sonra isə Ali Məhkəməyə şikayət edirdi. Bu işlərə qanunvericilikdəki müddətlər çərçivəsində baxılarkən, məhkəmə prosesi bir neçə ay vaxt itirirdi. Nəticədə, işin mahiyyəti bir kənarda qalır, aylarla aidiyyat məsələsi həll olunurdu».

İndi isə məhkəmə islahatları çərçivəsində qəbul edilmiş birinci qanunvericilik paketində mühüm yenilik nəzərdə tutulu: artıq məhkəmə aidiyyatı ilə bağlı məsələlərdə, əgər qaldırılan vəsatət instansiya məhkəməsinin qərarı ilə təmin edilmədisə və bundan şikayət verilibsə, şikayətə birbaşa Ali Məhkəmə baxır. Özü də Ali Məhkəmə belə məsələlərə əvvəlki kimi 2 aya yox, cəmi 10 gün ərzində baxmalıdır. Əsas məqamlardan biri də odur ki, artıq belə şikayətə Ali Məhkəmənin bütün kollegiyalarının iştirakı ilə baxılır və yekdil qərar qəbul edilir. 

Bununla da «yalançı vəsatət» məsələsi cəmi 10 günə tamamlanır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Ştefan Şennak AŞPA-nın media azadlığı üzrə yeni məruzəçisi seçilib