Makron Ukraynaya 1,2 milyard avro yardım vəd etdi
Fransa prezidenti Emmanuel Makron Kiyevə 1,2 milyard avro maliyyə yardımı ayıracaqlarını və hərbi texnika göndərəcəklərini bildirib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Avropa İttifaqının Brüsseldə Ukrayna üzrə fövqəladə sammitindən sonra açıqlama verib. “Avropalılar olaraq biz Ukraynaya 1,2 milyard avroluq iqtisadi yardım barədə qərar qəbul etmişik. Bu, görünməmiş bir hadisədir. Biz hərbi texnikanın tədarükünü davam etdirəcək və bu çətin zamanda əhaliyə dəstək olacağıq”, – Makron deyib.
Fransa lideri bildirib ki, Paris Rumıniyada öz ordusunun yerləşdirilməsini sürətləndirmək, eləcə də Ukraynadan olan qaçqınlara yardım göstərmək niyyətindədir: “Fransa Avropa İttifaqının digər ölkələri kimi, Ukrayna əhalisinə, Ukrayna torpaqlarını tərk edən və Avropa İttifaqının ərazisində olanlara kömək edəcək”.
Azpost.info
