İqtisadçı Natiq Cəfərli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) gələcəkdə fiziki heyvan bazarlarının onlayn heyvan satış birjaları ilə əvəzlənməsi planına münasibət bildirib.
Azpost.info bildirir ki, onun fikrincə, bu cür yanaşma Azərbaycanın uzun illər formalaşmış bazar ənənələrini və kənd təsərrüfatı ilə məşğul olan insanların reallığını nəzərə almır.
AQTA sədri Qoşqar Təhməzlinin sözlərinə görə, aparılan yoxlamalar zamanı 28 heyvan bazarının mövcud standartlara cavab vermədiyi müəyyən edilib. Baytarlıq-sanitar normalarına əməl olunmadığı üçün həmin bazarların fəaliyyəti müvəqqəti dayandırılıb. Standartlara uyğunlaşdırılan 14 bazarın isə fəaliyyətinə yenidən icazə verilib.
Agentlik gələcəkdə heyvanların bazarlara gətirilərək satışa çıxarılması əvəzinə, identifikasiya sistemi tam tətbiq olunduqdan sonra müasir heyvan satış birjalarının, yəni onlayn satış modelinin yaradılmasını planlaşdırır.
Bu açıqlamaya münasibət bildirən Natiq Cəfərli qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində modernləşmə ənənələrin qorunması ilə paralel aparılır. Onun fikrincə, Azərbaycanda əsrlərdir formalaşmış mal bazarları yalnız alqı-satqı məkanı deyil, həm də kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün mühüm sosial-iqtisadi platformadır.
İqtisadçı bildirib ki, fermer və kənd sakinləri bazara təkcə heyvan satmaq üçün getmirlər. Onlar eyni zamanda gündəlik ehtiyaclarını ödəyir, müxtəlif məhsullar alır, digər satıcı və alıcılarla əlaqələr qururlar. Bu isə əlavə nəqliyyat və vaxt itkisini azaltmağa kömək edir.
Natiq Cəfərli hesab edir ki, bir və ya iki baş heyvan satmaq istəyən kiçik fermer üçün onlayn satış modeli praktik baxımdan bir sıra suallar yaradır. Onun sözlərinə görə, belə sistemdə heyvanın necə satışa çıxarılacağı, alıcının necə tapılacağı, satışın nə qədər vaxt aparacağı və çatdırılmanın hansı qaydada həyata keçiriləcəyi kimi məsələlər hələ də aydın deyil.
İqtisadçı həmçinin vurğulayıb ki, rəqəmsallaşma vacib olsa da, bu proses real təsərrüfat şəraiti və kənd yerlərində yaşayan insanların imkanları nəzərə alınmaqla həyata keçirilməlidir.
Onun fikrincə, islahatların məqsədi mövcud sistemi çətinləşdirmək deyil, fermerlərin işini asanlaşdırmaq olmalıdır. Əks halda, yeni mexanizmlər həm əlavə xərclərə, həm də kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb ola bilər.
Natiq Cəfərli qeyd edib ki, ənənəvi bazarlar uzun illər ərzində formalaşmış iqtisadi münasibətlərin bir hissəsidir və onların tamamilə onlayn modellə əvəz olunması qərarı qəbul edilərkən fermerlərin, sahibkarların və kənd sakinlərinin rəyi də nəzərə alınmalıdır.
S.Abdulla