Mandatını girov qoyan sabiq deputatla bağlı Baş prokurora müraciət olunub

Keçmiş deputat Rafael Cəbrayılov həbs edilə bilər. 

Yenisabah.az xəbər verir ki, onun borclu olduğu vətəndaşlar Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Altı nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir.

Məlumatda bildirilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra Baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb.

Borc sahiblləri bir müddət gözlədikdən sonra Rafael Cəbrayılovla əlaqə saxlayaraq verdiyi vədi ona xatırladıblar. Keçmiş deputat bu dəfə bildirib ki, borcunu qaytarmaq üçün villasını satışa çıxarıb. Aylar keçsə də, villa satılmayıb. Bu dəfə Rafael Cəbrayılov qardaşı Elşən Cəbrayılovu önə verərək borc sahiblərini məhz ondan şikayətçi olmağı təklif edib. Keçmiş deputat bildirib ki, əslində pulları qardaşı götürərək xaricdə özünə biznes qurub. Borc sahibləri isə Rafael Cəbrayılovun təklifini qəbul etməyiblər. Bu halda keçmiş deputat onlardan bir qədər də möhlət istəyib.

Beləliklə, Rafael Cəbrayılovun bir neçə dəfə verdiyi sözü tutmadığını görə borc sahiblərinin səbr kasası daşıb və nəhayət, onlar Baş prokurora müraciət ünvanlayıblar.

Borc sahiblərinin fikrincə, bu müraciətdən sonra Rafael Cəbrayılov onların pulunu qaytaracaq, əks təqdirdə isə dələduzluq ittihamı ilə həbs ediləcək.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu olcuğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pentaqon Əfqanıstanda qəzaya uğrayan təyyarənin ABŞ -a məxsus olduğunu təsdiqləyib

Sonrakı məqalə

“Yeni dünya düzəni”nin iflası-