Masallı,Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icma nümayəndələri İranın Azərbaycana qarşı yürütdüyü siyasətə etiraz edərək birgə bəyanat qəbul ediblər.
Azpost.info bildirir Bəynatda bölgə dindarları İranın ölkəmizə qarşı münasibətindən narazı olduqlarını bildirir və düşmən Ermənistana dəstək vermələrini pisləyiblər.
Bəyanatı təqdim edirik:
İran İslam Respublikasının ölkəmizə qarşı yürütdüyü siyasətə qarşı Masallı,Cəlilabad və Yardımlı rayonları dindarlarının BƏYANATI Son günlər İranda baş verənlər, təkcə islam ölkələrini deyil, bütün bəşəriyyəti narahat etməkdədir. İllərdir ki, özünü islam təəssübkeşi, müsəlman birliyinin simvolu kimi qələmə versə də, son aylar bu ölkədə cərəyan edənlər islamla, ümumən isə insanlıqla daban-dabana ziddir.
Azadlıq mücadiləsinə qalxan xalqa qarşı bütün zorakı metodlardan istifadə edən, onlara amansız divan tutan bir ölkənin öz müsəlman qonşusuna qarşı aqressiv hərəkətləri, onu haqsız yerə günahlandırması isə əsla başadüşülən deyil. Bu gün bizi islami dəyərlərə sayğısızlıqda ittiham edən İran İslam Respublikası öz ölkəsində dini ehkamları zor müstəvisində həyata keçirməyi özünün ana qayəsi bilməklə yanaşı, bizi özünün “bir paçası” hesab etdiyini düşünür. Amma unudur ki, Azərbaycan respublikasının müsəlman əhalisi hətta 70 illik sovet dönəmində – məscidlərin qapısında qara qıfıllar asıldığı bir dönəmdə din içində dininin, imanının, etiqadının, dil içində isə dilinin saflığını qoruyub saxlaya bilmişdir. Müstəqilliyin bərpasından sonra ölkəmizin hər yerində, ən ucqar yaşayış məntəqələrində belə yeni, müasir arxitekuraya malik məscidlər inşa edilmiş və edilməkdə, azan səsi ölkənin hər bir guşəsində ecazkarlıqla səslənməkdədir.
Müqəddəs dinimizin ehkamlarına uyğun olaraq, ölkəmizdə heç nəyin məcburiyyət müstəvisində həllinə nail olunmur. Burada – müstəqil və azad Azərbaycanımızda hər kəs öz seçimini sərbəst şəkildə seçir, dini etiqad azadlığına uyğun olaraq, ibadətini həyata keçirir. Saxta müsəlman təəsübkeşlərindən fərqli olaraq, hər zaman olduğu kimi, bu gün də Azərbaycan Respublikası mehriban qonşuluğu, dinc yanaşı yaşamanı, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını özünün əsas qayəsi hesab edir, haqlı olaraq digərlərindən də eyni münasibətin sərgilənməsini istəyir.
Təəssüflər olsun ki, islamın yaşıl rənginə bürünməklə özünü dünya müsəlmanlarına örnək hesab edən bir ölkənin “qırmızı xətti” təcavüzkar bir ölkənin maraqlarının müdafiəsindən keçir. Təbii ki, biz dindarlar İranın islamla əsla uyuşmayan bu iyrənc siyasətinə qəti etirazımızı bildiririk. Uzun illər havadarlarının yardımı sayəsində torpaqlarımızın 20 faizini işğal altında saxlayan, günahsız dinc müsəlman əhalinin qanını axıdan, insanlarını qaçqına-köçkünə çevirən, müqəddəs ibadətgahlarımızı xarabazara çevirən, məscidlərimizdə donuz saxlayan təcavüzkar Ermənistanı özünə müttəfiq hesab edərək, onu silahlandıran, onun maraqlarını “qırmızı xətt”də “yaşıl” rəngə bürüyən İranı islamla eyniləşdirməyin özü belə günah hesab olunmalıdır.
Bu gün “İran” və “islam” sözü bu baş verənlərin fonunda bir-birini inkar edən kəlmələrdir. Vətən hər bir müsəlman üçün ən mühüm məfhumdur. Xalqımız bütün zamanlarda vətəni ana ilə bərabər hesab etmiş, bu iki sözü daim yanaşı işlətmişlər. Vətən sevgisi ulu babalarımızdan bizə miras qalmış əmanətdir, onu göz bəbəyi kimi qorumaq, candan əziz bilib ona can demək hər bir ölkə vətəndaşının müqəddəs borcudur. Vətən həm də bir namus yurdudur. Onun hər bir guşəsi, hər qarışı bizim keçilməz qırmızı xəttimizdir. Bunu “din qardaşlarımızın” bilməsi, yəni həddini aşmaması gərəkən vacib məsələdir. Dinimizin buyurduğu kimi, Vətəni qorumaq imandandır. Biz, bu məsələdə sabitqədəmik və buna heç kimin şübhəsi olmasın.
Xalqımızın say-seçmə oğullarından ibarət şanlı və müzəffər ordumuzun 44 günlük Vətən savaşında göstərdiyi qəhrəmanlıq səlnaməsi dünya hərb tarixinə yeni Qəhrəmanlıq Tarixi yazdı. Elə bir tarix ki, hətta “din qardaşlarımızın” da “qırmızı cizgisinə” əbədi qara çələng hörməyə müvəffəq oldu. Bu yenilməz orduyla qurur duymamaq, qürurlanmamaq mümkünsüzdür. Bu gün haqlı olaraq bizim ordumuz dünyanın ən güclü ordularından hesab olunmaqdadır. Və heç kəsə sirr deyil ki, ordu dövlətin gücü və müstəqilliyinin zəmanətidir.
Deyildiyi kimi, ölkənin dəyəri onun coğrafi ərazisinin böyüklüyündə deyil, xalqının mübarizə ruhunda, əzm və iradəsindədir. Bu gün bizi kiçik hesab “islam təəssübkeşləri” görünür, xalqımızın mübarizlik ruhunu gərəyincə dəyərləndirməyi əxz etməyiblər. Həm də unudurlar ki, onları “böyük bədən” ölçüsündə göstərən elə bizim bu gün insani hüquqları əlindən alınan 40 milyona yaxın o taylı soydaşlarımızdır. Yəni, unutmasınlar ki, kiçilmə ehtimalının əbədi olaraq sıfıra bərabərliyi qeyri-mümkündür. Xalqın iradəsi hər zaman təcəlla edə bilər…
Dinimizin təməlində sülhə çağırış var. İslam sülh, sabitlik və qardaşlıq dinidir. Biz, müsəlman olaraq dinc və mehriban qonşuluq münasibətlərinin, sülh,əmin-amanlıq şəraitinin bərqərar olmasında hər zaman maraqlı olmuşuq. Bu, birbaşa olaraq bizim dövlət siyasətimizin təməl prinsiplərindəndir.
Çox istərdik ki, İran İslam Respublikası da eyni prinsipləri özünün dövlət siyasətilə uyğunlaşdırıb, öz mənfur siyasətindən əl çəksin. Bu, həm regionumuza, həm də dinimizə dəyərli bir töhfə olar.
Masallı,Cəlilabad və Yardımlı rayonlarının dindarları adından..