Mehriban Əliyeva doğum gününü uşaqlarla və şəhid övladları ilə birgə qeyd edib-FOTOLAR

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.

Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.

Birinci xanım Mehriban Əliyeva bu gün doğum günü olan uşaqlar üçün tort kəsərək onlara təqdim edib.

Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

Tədbirlərin yekununda unudulmaz istirahət günündən xatirə olaraq hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Əvvəlki məqalə

“Qarabağ”ın oyununa neçə bilet satılıb?

Sonrakı məqalə

ABŞ Ukraynaya görə sursatsız qalıb –