“Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında mühüm mesajlar verdi”.
Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T.Kərimli deyib ki, Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub: “Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meylləri başlayıb. Ancaq son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Maska, məsafə və dezinfeksiya insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur, məhz buna görə yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Sərtləşdirilmiş rejimin müddəti isə koronavirusun yayılmasından asılıdır. Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Koronavirus yoxa çıxmayıb və çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Azərbaycanda da səylər buna yönəlib. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”.
Millət vəkili qeyd edib ki, Azərbaycan ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirib: “Bütün aparıcı beynəlxalq maliyyə qurumları 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdü. Dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azalıb. Sürətlə inkişaf edən turizm sektorunun dayanması, bir neçə başqa perspektivli sektorun fəaliyyətsiz qalması iqtisadiyyatın durumuna mənfi təsir göstərdi. Azərbaycanın şüurlu şəkildə, ilk ölkələr sırasında məhdudlaşdırıcı tədbirlər görməsinin əsas səbəbi insanların sağlamlığının əsas prioritet təşkil etməsi ilə bağlı olub. 600 mindən çox insan lazım olan vəsaitlə təmin edildi, 190 manatın verilməsi müddəti uzadıldı. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara dövlət öz köməyini göstərdi. Heç bir sosial layihə ixtisar edilmədi, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər tikilir, yeni yaşayış kompleksləri salınır. Koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hazırda xüsusi sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda da yenidən əhaliyə müvafiq qaydada yardımlar ediləcək. Bütün bunlar Azərbaycan hökumətinin xalqının qayğısına qalmasını bir daha sübut edir.
Onu da qeyd etmək lazımdır ki, 23 yeni laboratoriya alınıb. Bəzi ölkələrin yumşaldıcı addımlar atmasının səbəbi iqtisadi sahədə olan problemlərdir. Amma Azərbaycanda əsas məsələ insanların sağlamlığı, səhhətinin qorunmasıdır. Prezident İlham Əliyev də bunu dəfələrlə bəyan edib”.
T.Kərimli nəzərə çatdırıb ki, istifadəyə verilən modul tipli xəstəxanalar hər biri 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalardır. Artıq Bakıda ikisi, Sumqayıtda biri, Gəncədə biri və Abşeron rayonunda biri olmaqla 5 xəstəxana istifadəyə verilib. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək, onların sayı 10-a çatdırılacaq: “Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Ölkədə 700-dən artıq xəstəxanaların tikilmiş və ya yenidən qurulmuşdur. “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar”.
Millət vəkili yenidən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinin isə bəzi vətəndaşların məsuliyyətsizliyindən qaynaqlandığını söyləyib: “ Artıq dünyada koronavirusa yoluxanların sayı 7 milyon nəfəri keçib, yüz minlərlə insan bu virusdan dünyasını dəyişib. Təəssüf ki, Azərbaycanda da yoluxma sayı artmaqdadır. Məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır. Təəssüf ki, bəzi insanlar ictimai nəqliyyatda, qapalı məkanlarda maska taxmır, sosial məsafə gözləmir. Bütün bunlar yoluxmanın səviyyəsini artırıb. Elə buna görə də öncə həftəsonları, daha sonra isə 15 günlük sərt karantin rejimi tətbiq edildi. Hər kəs anlamalıdır ki, koronavirus hələ də aramızdadır”.
T.Kərimli bildirib ki, pandemiya dövründə müəyyən edilən qaydalara əməl etməyən insanlar inzibati qaydada məsuliyyətə cəlb edilməlidir: “Polis insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Əgər Prezident maska taxırsa, niyə başqası bunu etməməlidir? İctimai nəqliyyatda, qapalı yerlərdə maska taxmayana qarşı cərimələrin tətbiq edilməsinə diqqət artırılmalıdır. Mən bu qənaətdəyəm ki, ictimai nəqliyyatda, qapalı məkanlarda tibb maskadan istifadə edilməməsi ilə bağlı cərimələrin miqdarı azdır, cərimələrin miqdarı artırılmalı, cəzalar sərtləşdirilməlidir. Ümumiyyətlə, koronavirusun mövcud olmadığını bildirən insanlara qarşı da cərimələr tətbiq olunmalıdır. Çünki bu, koronavirusa qarşı aparılan mübarizəyə zərər vurur. Bu, insanlarda çaşqınlıq yaradır, bu çaşqınlıq da son nəticədə insanların virusa yoluxmasına səbəb olur. Nizam-intizam bundan sonra da pozulduğu halda, daha təsirli tədbirlər görülməsinə ehtiyac var. Bir daha qeyd etmək istə istəyirəm ki, əgər Prezident maska taxırsa, niyə başqası bunu etməməlidir? Taleyimiz öz əlimizdədir. Prezidentin qarşıya qoyduğu vəzifələr hamısı xalq üçün, xalqın sağlamlığı üçündür. Bu, birmənalı şəkildə artıq milli təhlükəsizlik məsələsidir. Hər kəs bu problemə şüurlu yanaşmalıdır”.