Milli Məclis Əli Əsədovun Baş nazir olmağına razılıq verdi

08 Oktyabr 2019 - 12:53

Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub. Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

Əli Əsədov göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

Müzakirələr zamanı  deputatlar bu qərarı dəstəkləyiblər.

YAP-ın icra katibin müavini Siyavuş Novruzov çıxış edərkən deyib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə çevik siyasət həyata keçirilir. Əli Əsədovu Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik edən YAP icra katibinin müavini qeyd edib ki, Ə. Əsədov partiyanın üzvü, daha sonra YAP-ın iqtisadiyyat komitəsinin, daha sonra isə 5 il müddətində partiyanın parlamentdəki üzvlərindən olub. Onun sözlərinə görə, Əli Əsədov Avropa Azərbaycan iqtisadi münaibətlərinin qurulmasında çox yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartlarına uuğunlaşdırılmasında yaxından iştirak edib: “Daha sonra Ulu öndərin, eləcə də Azərbaycan prezidentinin köməkçisi kimi onun xidmətləri var. Əli Əsədov Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsində işçi qrupunun rəhbəri olub. Bununla yanaşı onun Azərbaycan üçün vacib layihələrdə xidmətləri olmaqla yanşı, ölkə başçısının yaxın köməkçisi kimi kənd təsərrüfatının, iqtisadi sektorda həyata keçirilən islahatlarda mühüm payı var”.

Milli Məclisin iclasında deputat Vahid Əhmədova Əli Əsədova bəzi təkliflər də verib: “Əli Əsədovu biz uzun müddətdir ki, tanıyırıq. O, 20 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır. Onun Azərbaycanda aparılan iqtisadi islahatlara verdiyi töhfə böyükdür”.

“Xahiş edirəm ki, deputatların verdiyi təkliflərə, qaldırdığı məsələlərə diqqətlə baxasınız, müvafiq tapşırıqlar verəsiniz. Deputatların telefon zənglərinə vaxtında cavab verilməsi məsələsinə də baxmağınızı xahiş edirəm”,- deyə V.Əhmədov bildirib. (Modern.az)

Deputat Ə.Əsədova təklif edib ki, Baş nazir olandan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın. V.Əhmədov onu da əlavə edib ki, Hesablama Palatasının rəylərinə də diqqətlə baxılması vacibdir.