Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sessiyada və tədbir çərçivəsində keçiriləcək qurumun müvafiq komitə iclaslarında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Deputatlarımız qeyd olunan məsələlər barədə fikirlərini bildirəcəklər. Səfər dekabrın 10-da başa çatacaq(azərtac).