Ötən həftə İtaliyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə gərginləşən münasibətlərinin düzəlməsindən bəhs etdi. O dedi ki, AŞPA-nın bəzi üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək: “Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq”.
Bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların arzuolunmaz şəxslər siyahısına salındığını bildirmişdi. AŞPA prezidenti Teodoros Rusopulos da buna cavab olaraq bildirmişdi ki, bu, Azərbaycanın qurumdakı mövqeyini yalnız çətinləşdirəcək: “Üzv ölkələr demokratiya standartlarına hörmət edəcəklərinə dair öhdəlik götürüblər. Öz vicdanına uyğun səs verənlərin qara siyahıya salınması yalnız əks-nəticə verə bilər”.
Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin AŞPA-da mandatı təsdiqlənməyib. Buna səbəb kimi Azərbaycanın qurum qarşısında insan hüquqları və digər bir çox məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, habelə əməkdaşlıqda maraqlı olmaması göstərilib. Azərbaycan da iradları qəbul etməyərək buna cavab olaraq qurumda fəaliyyətini dayandırdığını açıqlayıb.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. AŞPA-nın müşahidə etmədiyi bu seçkilərlə bağlı, hələlik, yekun protokollar təsdiqlənməsə də, Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, dairələr üzrə lider namizədlər bəllidir. Bəs belə olan halda, yeni tərkib parlamentin deputatlarından ibarət Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı mandatı bərpa edilə bilərmi? Qarşıdan qurumun payız sessiyası gəlir.
AŞPA rəhbərliyindən bununla bağlı, hələlik, hər hansı açıqlama verilməyib. Amma qurumdakı bəzi deputatlardan seçkilərlə bağlı tənqidi fikirlər eşidilib.
Azərbaycan rəsmiləri isə qurumla münasibətlərinin pisləşməsini ölkənin ərazi bütövlüyünün bərpası kontekstində dəyərləndirirlər. Elə VI çağırış Milli Məclisin üzvü Fazil Mustafa da mövzu ilə bağlı “Turan”a deyib ki, Azərbaycan son illər torpaqlarını işğaldan azad edəndən sonra dünyada ermənipərəsət qüvvələr xeyli pərişan oldular: “Onlar Azərbaycana müəyyən sanksiyaları tətbiq etməyi nəzərdə tutdular. O cümlədən də AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini dayandırdılar”.
F.Mustafanın sözlərinə görə, bu vəziyyətdə Azərbaycan da həmin şəxslərin ölkəyə girişinə qadağa qoydu: “Bu, cavab addımı idi. Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaq tamamilə əsassız idi. Ona qalsa, neçə illərdir işğalçı Ermənistanın bir üzvünə də bu hal tətbiq olunmamışdı. Azərbaycan isə torpaqlarını işğaldan azad etdi deyə, müxtəlif bəhanələrlə bunu həyata keçirtdilər”.
O vurğulayır ki, Azərbaycanın şərti aydın və netdir: “Azərbaycan nümayəndə heyətini geri qaytarıb onun hüquqlarını tanımalısınız. Tanımadığınız təqdirdə bunlar da Azərbaycana gələ bilməyəcəklər. AŞPA öz səhvini düzəltməlidir, yalnız onda Azərbaycan da atdığı addımlarda korrektlər edə bilər”.