Misir Mərdanov Vurğun Əyyubdan danışdı: “Vurğun çox təmiz insan idi” 

Azpost.info bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycanın sabiq Təhsil naziri (1998-2013) Misir Mərdanov söyləyib.

O, mərhum təhsil xadimi Vurğun Əyyubla bağlı xatirələrini bölüşüb və test üsulunun Azərbaycana gətirilməsində onun böyük rolu olduğunu qeyd edib:

“Firudin Cəlilov test üsulunu Azərbaycana gətirməyi təklif etmişdi. Bunu öyrənmək üçün məni və Vurğunu Türkiyəyə göndərdi. O zamanlar Təhsil Nazirliyində çalışdığım üçün Türkiyə Təhsil Nazirliyinin  əməkdaşlarını yaxından tanıyırdım. Onlar tez-tez Azərbaycana gəlir və biz də vaxtaşırı Türkiyəyə gedirdik. Vurğunla biz Ankaraya yollandıq. Test üsulunu ölkəmizə gətirmək bizə asan başa gəlmədi. Ankaradan test nümunələrini çətinliklə götürə bildik. Onlar kağız formatında olduğuna görə  o zamanlar onu çap etmək üçün Azərbaycanda vəsait yox idi. Mən də  Türkiyənin Təhsil nazirinin qəbuluna getdim. Ondan vəsait alaraq kağızları çap etdirdim. Sonra isə Bakıya qayıdaraq testləri TQDK-ya təhvil verdik.

Zakir Hüseynov da bizimlə bərabər gəlmişdi. O vaxt o, Prezident Administrasiyasında çalışırdı. Çox çətinliklə olsa da, biz bu işlərin öhdəsindən gəldik.  Vurğun mənə yaxından kömək etdi. O, test üsulunun ölkəmizə gətirilməsində çox böyük əmək sərf edib.

Vurğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbər seçildiyində mən nazir müavini idim. Məni də TQDK-nın idarə heyətinə üzv seçdilər. O zamanlar mən həm də prorektor işləyirdim. Bəzən TQDK-ya gedib-gəlirdim. O zamankı iclaslara Vurğun rəhbərlik edirdi.

Vurğun çox yaxşı və təmiz insan idi. Allah onun yerini cənnət eləsin. Media vasitəsi ilə onun ailə üzvlərinə rəhmət diləklərimi çatdırıram”.

Qeyd edək ki, 24 sentyabrda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub  vəfat edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin İntizam Komissiyasının katibi:

Sonrakı məqalə

Jak Şirak 86 yaşında vəfat edib