“Montrö boğazlar sazişindən istifadə etmək qərarına gəldik” –Ərdoğandan AÇIQLAMA

“Montrö Boğazlar Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Rusiya-Ukrayna böhranın böyüməsinin qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik.”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Ərdoğan, ölkəsinin Ukraynanın yanında olduğunu bildirib.

“Biz Ukrayna və Rusiyanı münaqişəni dialoq yolu ilə həll etməyə çağırdıq. Bu məsələdə səmimi niyyətimizin şahidləri Ukrayna və Rusiya liderləridir. Biz çoxşaxəli diplomatik təşəbbüslərimizi fasiləsiz davam etdiririk. Fevralın 24-də silahlar danışmağa başladı. Belə bir tablonun ortaya çıxması bizi həqiqətən də kədərləndirir. Ölkəmizin bu məsələyə münasibətini xüsusilə NATO Liderlər Zirvə toplantısında bildirdik.

Diplomatik nümayəndəliklərimizdə qeydiyyatda olan əlaqə nömrələrinə zəng edərək Ukraynadakı 20 min vətəndaşımıza xəbərdarlıq etdik. Fevralın 22-də biz Ukraynanın şərqindəki vətəndaşlarımızı bölgəni tərk etməyə çağırdıq. THY Ukraynanı tərk etmək istəyən vətəndaşlarımıza və digər ölkə vətəndaşlarına lazımi imkanlar yaradıb.

Münaqişənin növbəti günündən avtobuslarla təxliyə prosesinə başladıq. Biz müxtəlif şəhərlərdən vətəndaşlarımızı qatarla əvvəlcə Rumıniyaya, sonra isə ölkəmizə gətirmək prosesindəyik. Ukrayna limanlarında olan Türkiyə bayraqlı gəmilərimizin və yük maşınlarımızın vəziyyətini yaxından izləyirik. 5 min vətəndaşımız ölkəmizə və başqa ölkələrə miqrasiya edilib.

Montrö Boğazlar Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Rusiya-Ukrayna böhranın böyüməsinin qarşısını alacaq şəkildə istifadə etmək qərarına gəldik. Biz Ukraynanın suverenliyinə, siyasi bütövlüyünə və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarıyıq. Biz Rusiyanın hücumunu qəbuledilməz hesab edirik və Ukrayna xalqının mübarizəsini yüksək qiymətləndiririk.

Təbii ki, biz öz milli maraqlarımızdan da güzəştə getməyəcəyik. Biz regional və qlobal tarazlıqları qoruyacağıq. Bunun üçün deyirik ki, nə Ukraynadan, nə də Rusiyadan vaz keçməyəcəyik”, – deyə Ərdoğan qeyd edib. (Avropa.info)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Kiyevdə güclü partlayışlar olub –

Sonrakı məqalə

Rusiya yığmaları və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb