“Moskvada Qarabağla bağlı görüş üçün hələ şərait yetişməyib” –

ZƏRDÜŞT ƏLİZADƏ
20 Oktyabr 2020 - 16:07

Son günlər Rusiya kütləvi informasiya vasitələrində bu ölkənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada görüşməsi ilə bağlı bir ideyadan bəhs edilir.

Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibədə həmin məsələ ilə bağlı suala cavab olaraq deyib ki, “indiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil”.

Ermənistan baş nazirinin isə artıq buna hazır olması ilə bağlı məlumatlar yayılıb.

Belə bir görüş yaxın günlərdə gerçəkləşə bilərmi? Rusiyanın vasitəçiliyi ilə belə bir görüş Azərbaycana nə vəd edir?

Politoloq Zərdüşt Əlizadə Azadlıq Radiosuna deyib ki, bununla bağlı məsələ gerçəkləşərsə, Azərbaycan görüşə getməlidir. Onun fikrincə, indiki halda Azərbaycan üstün tərəf kimi həmin görüşə gedəcək: “Dövlət başçısı Bakıda xarici jurnalistlərə nəyi anladırsa, Moskvada da Ermənistan baş nazirinə onu anladacaq. Anlatmalı olan məsələ budur ki, erməni hərbi birlikləri Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalıdır. Əvvəlcə beş rayondan, daha sonra iki rayondan da çıxmalıdır. Əlaqələr qaydaya salınmalıdır. Sonra Dağlıq Qarabağda kim qalacaqsa onlarla muxtariyyət məsələsi müzakirə edilər”.

Politoloq vurğulayıb ki, görüşdə Rusiya prezidentinin iştirak edib-etməməsindən asılı olmadan İ.Əliyevin deməyə sözü çoxdur. Amma Z.Əlizadə hesab edir ki, belə görüş üçün hələ şərait yetişməyib: “İndiki halda hətta belə bir görüş olarsa belə, nə Ermənistan buna hazırdır, nə də ki, Rusiya belə bir görüş istəyir”.