MTN-nin həbsdə olan sabiq idarə rəisləri azadlığa çıxıb

21 Noyabr 2019 - 13:09

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanov azadlığa buraxılıb.

Azpost.info modern.az-a istinadən bildirir ki, Orxan Osmanova verilən cəza müddəti başa çatdığı üçün, o, saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O da cəza müddəti başa çatdıqdan azadlığa çıxıb.

Akif Çovdarov və digərləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.