Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Cəlilabad rayonunda “Müharibə Veteranlarının Hüquqi Maarifləndirilməsi” adlı layihə çərçivəsində rayonunun bir qrup müharibə iştirakçıları ilə görüş keçirib.
Tədbir Cəlilabad rayonunun “Veteranlar evi”-də keçirildi. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ǝrazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB sədr müavini Qurban Osmanov, AVMVİB Cəlilabad rayon şöbəsinin sədri Rza Əkbərov, müharibə veteranları və müharibə əlilləri iştirak edirdilər.
AVMVİB sədrinin təşkilatı məsələlər üzrə müavini Vahid Abdurəhmanov çıxış edərək, bu layihənin bir çox veteranlarımızın problemlərinin həllində oynadığı müsbət rolundan danışaraq: “Artıq bu layihəni bir neçə rayonda uğurla həyata keçirmişik. Faktlarla layihə çərçivəsində öz hüquqlarını bərpa edə bilmiş veteranlarımızın bundan sonra da hüquqlarının bərpasına hər vasitə ilə yardımçı olacağıq” deyə qeyd etdi. Müharibə əlilləri, şəhid ailələri və müharibə veteranlarının dövlət, xalq qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyadan olan vətəndaşlara cəmiyyətdə daim diqqət və qayğı göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiəsi ilə əhatə edildiyini qeyd etdi. “Lakin hələ də problemlər mövcuddur və biz bu problemləri qruplaşdırdıqda onlarla döyüşçünün müəyyən səbəblərdən öz statuslarını ala bilmədiklərini gördük. Onlarla veterana bu sahədə, məhz bu layihə çərçivəsində yardım edə bilirik. Onlar 28-30 ildən sonra öz statuslarını ala bildilər”.
Çıxış edənlər bu tip layihələrin həyata keçirilməsinin vacibliyindən danışdılar. AVMVİB Cəlilabad rayon şöbəsinin sədri Rza Əkbərov bildirdi ki, veteran problemlərinin həllinə rayon rəhbərliyi daim diqqətlə yanaşır. Belə layihələrin bizim rayonda həyata keçirilməsi də müharibə veteranları tərəfindən rəğbətlə qarşılanır və bu işi davam etdirmək vacibdir.
Sonda xatirə şəkilləri çəkildi.