Namizədlərin adları yazılan bülletenlərin çapı başlandı –

Xüsusi Dövlət Mühafizə Xidməti nəzarət edir
27 Yanvar 2020 - 10:39

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün Milli Məclis Aparatının mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

Eyni zamanda MSK sədri seçicilərin öz konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib. Pənahov media mənsubları üçün brifinq keçirərək, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Qeyd olunub ki, 125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 bülleten çap olunacaq. 

Seçki bülletenlərinin çap prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

M.Pənahov seçki bülletenləri əvvəl Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə paylanacaq. MSK sədri bülletenlərin ən sonda Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacağını deyib.