NATO-nun “baş bəlası” Ərdoğan-Alyans rəsmisi niyə “Türkiyə mübarizə aparır və qalib gəlir” deyib? (TƏHLİL)

Prezident Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq edib ki, Vaşinqton Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etsə, Amerika qoşunlarını ölkə ərazisində yerləşən iki hərbi bazadan çıxaracaq. Bu da NATO-nu çətin vəziyyətə salacaq. Ankaranın Rusiya ilə əlaqələrini gücləndirməsi alyansın probleminə çevrilib və hərbi blok bunun öhdəsindən gəlməyə çalışır.

Bu barədə “The Wall Street Journal” nəşri yazır.

ABŞ-dan sonra NATO-da ən böyük nizami orduya sahib olan Türkiyə Vaşinqton və alyansa üzv olan başqa ölkələrlə münaqişəyə səbəb olan addımlar atıb. Xüsusilə, ABŞ-ın müttəfiqi hesab edilən yerli silahlı dəstələrlə mübarizə aparmaq üçün ordunu şimali Suriyaya göndərib və Rusiyadan “S-400” zenit-raket kompleksi alıb.

Amerika rəsmiləri bildirirlər ki, Tramp administrasiyası Ankaranın Moskva ilə sıx əlaqə qurmasına mane olmaq üçün Ərdoğanın könlünü almağa çalışıb. Administrasiya Ərdoğana təcridi münasibətin Türkiyəni Rusiyanın təsir orbitinə daha çox atacağından ehtiyat edir. 

Lakin prezident Tramp amerikalı qanunvericilərlə mübarizə aparmalı olub. Onlar Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan bir sıra qanun layihəsinə səs veriblər.

Nəşr xatırladır ki, bu ay Londonda baş tutan görüşün uğurlu keçməsi NATO liderlərinin sevincinə səbəb olub. Onlar bu tədbirlə alyansın 70 illiyini qeyd ediblər, fikir ayrılıqlarını aradan qaldıraraq strateji məsələlər və müdafiə təşəbbüsləri ilə əlaqədar sazişlər imzalayıblar. NATO-nu kəskin tənqid edən, alyansın əhəmiyyətini şübhə altına atan Tramp müdafiə xərclərini artırdıqları üçün müttəfiq ölkələri tərifləyib.

Türkiyə Suriyada İŞİD ilə mübarizədə amerikalı və avropalı hərbçilərin kömək etdiyi kürd dəstələrinə qarşı əməliyyata başladıqdan sonra sammitə hazırlıq asan olmayıb. Hücum Ərdoğan və Tramp arasında baş tutan telefon danışığından sonra baş verdiyi üçün Fransa prezidenti Emmanuel Makron bildirib ki, NATO “beyin ölümü” yaşayır, çünki qərarlar alyansdan kənarda verilir.

Nifaqa səbəb olan əsas məsələ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması olub. Pentaqon bu sistemləri NATO təhlükəsizliyinə risk hesab edir. ABŞ “F-35” proqramında Türkiyənin iştirakına xitam verib. Vaşinqton qərarını onunla izah edib ki, Rusiya “F-35” qırıcıları haqqında məlumat əldə etmək üçün “S-400” sistemlərindən istifadə edə bilər.

Türkiyə noyabrın sonunda Amerika istehsalı olan “F-16” təyyarələri üzərində “S-400” sistemlərini sınaqdan keçirib. Bu da vəziyyəti daha da gərginləşdirib. Ankara bildirib ki, “F-35” qırıcılarının tədarükünə qadağa ləğv edilməsə, Rusiyadan hərbi təyyarələr ala bilər.

NATO-nun da Türkiyə kimi eyni ritorikadan istifadə etməsi bəzi avropalı müttəfiqləri narahat edir. Belə ki, Türkiyə şimali Suriyaya hücumun milli təhlükəsizlik maraqlarına xidmət etdiyini bəyan edib. Suriyanın şimalında hərəkətlərini Rusiya ilə əlaqələndirən Türkiyə indi müharibə şəraitində olan Liviyada da Rusiya ilə qarşılıqlı fəaliyyət göstərməyə çalışır.

“Türkiyə hədəflərini gizlətmədən mübarizə aparır və qalib gəlir”, –  deyə NATO-nun yüksək vəzifəli diplomatlarından biri bildirib. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rauf Arifoğlu Seçki Qərargahını elan etdi, tanınmış teleaparıcı vəkili oldu:

Sonrakı məqalə

Azərbaycan Prezidenti “Rossiya-24” televiziya kanalına müsahibə verib –