Bu gün beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilib.
“Report”un məlumatına görə, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:
1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
6. Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edib.
Məruzədən sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış ediblər.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi barədə çıxış edib, sessiyada “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib.
Gündəlikdə duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmiş və qərar qəbul edilib.
Sessiyada altıncı məsələnin müzakirəsi zamanı diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində müvafiq dəyişikliklər edilməsi ilə bağlı Qanun layihəsi hazırlanıb. Həmçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən publik hüquqi şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilib və Qanunun mətnində əsasən texniki xarakter daşıyan dəqiqləşmələr aparılıb. Müvafiq olaraq “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Qanun layihəsi hazırlanıb.
Hər iki məsələ ilə əlaqədar qanun layihələri oxunub, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.
Ali Məclisin Sədri 2019-cu ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirib, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə təbrik edib, 2020-ci ildə uğurlar arzulayıb.
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası öz işini başa çatdırıb.