Cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikanın bütün bölgələrində əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq işlər həyata keçirilib. Bu çərçivədə Babək rayonunun Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 metr uzunluğunda yeni sugətirici, Çeşməbasar kəndində 3288 metr ana, 3000 metr paylayıcı, Güznüt kəndində 2650 metr paylayıcı, Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan isə 1450 metr uzunluğunda suaparıcı boru xətləri çəkilib. Eyni zamanda, 2,87 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri görülüb.
Bu sözləri muxtar respublikanın Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Su Meliorasiya Xidmətinin Elektromexaniki qurğuların istismarı və nəqliyyat şöbəsinin mütəxəssisi Telman Rzayev söyləyib.
Onun sözlərinə görə, rayonda suvarma su təminatının yaxşılaşdırılması məqsədilə boru xətlərinin 5,69, təzyiqli boru xətlərinin isə 2,95 kilometr hissələrində təmir işləri aparılıb.
“Su təchizatı istiqamətində görülən işlər Culfa rayonunun yaşayış məntəqələrini də əhatə edib. Rayonun Bənəniyar və Əbrəqunus kəndlərində içməli və suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə tərəfimizdən tərtib olunmuş layihə-smeta sənədlərinə əsasən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Bənəniyarda 4 kilometrlik suvarma, 3,5 kilometrlik içməli, Əbrəqunusda isə 1,85 kilometr uzunluğunda suvarma, 1,8 kilometrlik içməli su xətlərinin çəkilişi planlaşdırılıb. Artıq plastik borularla Bənəniyar kəndində 3,41, Əbrəqunusda isə 1,85 kilometr uzunluğunda suvarma su xətləri inşa olunaraq istifadəyə verilib”, – deyə Telman Rzayev vurğulayıb.
İçməli su təminatının yaxşılaşdırılması məqsədilə Bənəniyar kəndində diametri 90 millimetr olan plastik borularla 1,2 kilometr uzunluğunda boru xəttinin çəkilişi aparıldığını da əlavə edən mütəxəssis ümumi 46 çıxışlı 3 ədəd subölüşdürücü quraşdırılaraq, 19 evi içməli su ilə təmin edəcək boru xətləri çəkildiyini qeyd edib: “Əbrəqunus kəndində isə diametri 90 millimetr olan istismar müddətini başa vurmuş metal boruların 600 metr hissəsi yeni polietilen borularla əvəz edilib. Bundan əlavə, Bənəniyar kəndində 39 evi su ilə təmin edəcək 1 subartezian quyusunun qazıntı işləri hazırda davam etdirilir. Əbrəqunus kəndində isə 90 evi su ilə təmin edəcək 2 yeni subartezian quyusunun inşa olunması nəzərdə tutulub ki, artıq onlardan birinin qazılmasına başlanılıb”(azərtac).