Nazir “qara pullar”la işləyən sahibkarlara xəbərdarlıq etdi –Ölkə “kölgə iqtisadiyyatı”nın girdabından niyə çıxa bilmir?

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilən islahatlardan sonra qeyri-neft-qaz sektorunda büdcəyə əlavə daxil olan vergilərin məbləği 280 milyon manata yaxın olub”.

Azpost.info bildirir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilmiş “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransdakı çıxışında bildirib.

Onun sözlərinə görə, “Kölgə iqtisadiyyatı” haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə, işçilərin sosial-iqtisadi hüquqlarının məhdudlaşmasına səbəb olur.

Nazir bildirib ki, sadalanan hallar ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır: “Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb və onun qarşısının alınması üçün dövlətin və hökumətin siyasi iradəsini bəyan edib, “kölgə iqtisadiyyatı”na qarşı həm inzibati, həm də institusional islahatlarla mübarizə aparılmasının vacibliyini göstərib”.

Mikayıl Cabbarovun sözlərinə görə, “Kölgə iqtisadiyyatı” geniş bir kateqoriyanı əhatə etsə də, Azərbaycanda bu özünü daha çox qeyri-rəsmi məşğulluq, bəyan ediməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir: “Vergitutma baxımından da bu xüsusilə böyük potensialdır və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir”.

Nazir qeyd edib ki, vergi orqanlarının şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblərindən heç də hamı razılıq edə bilməz: “Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı az deyil və illər boyu bəyan olunmayan gəlirlər hesabına qazanc əldə edənlər bununla asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər, lakin hesab edirəm ki, bu, müvəqqəti haldır”.

M.Cabbarov deyib ki, qanunların icrası ilə bağlı hər kəsə bərabər şərait yaradılır: “Biz dəfələrlə bu fikri vurğulamışıq və yenidən onu səsləndirmək istəyirəm: qanun qarşısında hamı birdir”.

Leqallaşmanın sağlam mühit, sağlam rəqabət şəraiti yaratdığını deyən nazir bunun təkcə yerli istehsalçılar üçün deyil, xarici investorlar üçün də əhəmiyyətli olduğunu vurğulayıb: “Kölgə iqtisadiyyatı” investoru hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk üç amil sırasına daxildir. Bizim vəzifəmiz bazardakı sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvinə nail olmaqdır”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dərbənddə zəlzələ olub

Sonrakı məqalə

Gecə cəbhə xəttində atəşkəs 20 dəfə pozulub