Nazir rayonlara 176 həkim göndərib

- RƏSMİ
30 Dekabr 2019 - 14:54

“Respublikada tibbi kadrların hazırlanması sahəsində ciddi addımlar atılır”.

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bildirib.

G.Poladov qeyd edib ki, 2018/2019-cu tədris ilində rezidenturanı 30 ixtisas üzrə 302 həkim-mütəxəssis bitirib ki, onlardan 266 nəfər iş yerlərinə göndərilib:

“2019-ci ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işə qəbul olunub. Bunlardan 176 nəfər respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə qəbul olunub.

Cari tədris ilində 16560 həkim və 8964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4654 həkim və 7697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib”.

Nazirlik rəsmisinin sözlərinə görə, 2019-cu ildə akkreditasiya edilən tədbirlərin sayı 260-dək artıb:

“İlkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları” hazırlanıb. Qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə “Rezidenturada təhsilin məzmunu və təşkili Qaydaları”nın Əlavəsində bəzi ixtisaslarla yanaşı “Ailə təbabəti” ixtisası da daxil edilib. Bununla yanaşı, Azərbaycan Tibb Universiteti nəzdində yaradılmış “Səhiyyə Menecmenti üzrə” magistraturaya tələbə qəbulu üçün normativ sənədlər, o cümlədən tədris planı tərtib edilib”.