Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı qərarını tənqid olunub- Parlamentdə

Milli Məclisin deputatı Elman Məmmədov Nazirlər Kabinetinin 2017-ci ildə məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarını tənqid edib.

APA-nın xəbərinə görə, deputat Elman Məmmədov Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğının göstərildiyini deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı bütün çıxışlarında bildirir ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır: “Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkün statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir axı. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə və onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”.

Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun çıxışına münasibət bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova həmkarı Elman Məmmədovla məcbur köçkün rayonlarının təmsil edən deputatlar olduğunu bildirib.

B.Muradova deyib ki, qeyd edib ki, məcburi köçkün statusu ilə bağlı məsələlərdə bir sıra problemlər yaranır: “Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və “Qaçqınkom”a müraciət edirik. Onlar da bizə verirlər ki, hansısa sənədə əsasən bu problemləri həll etmək mümkün deyil. Biz bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, problemlər həll olunsun. Problem də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Son vaxtlar belə müraciətlərin sayı artıb. Bu problem təkcə Fizuli rayonunda 12 min nəfəri əhatə edir. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan bir otaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

Milli Məclisin sədr müavini onu da qeyd edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində problemlər yaranır: “Həyat yoldaşında boşanıb yenidən məcburi köçkün yataqxanasında ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

Sonrakı məqalə

Əli Əhmədov: