Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov bildirib.
Regional Meşə Təsərrüfatı Mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir. Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən indidən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göy-Göl Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edir.
Bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.
Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlə bağlı ETSN tərəfindən müəyyən edilmiş 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.