Sabunçu rayonunda magistral neft kəmərinə qanunsuz müdaxilə edərək oğurluq etməyə cəhd göstərən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, sentyabrın 2-də gecə saatlarında Maştağa qəsəbəsində, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub.
Yanğın söndürüldükdən sonra əraziyə baxış keçirilib. Araşdırma zamanı neft kəmərinə qanunsuz müdaxilə etmək və neft oğurlamaq məqsədilə əlavə avadanlıqların quraşdırıldığı müəyyənləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kəmərə qanunsuz müdaxilə edərək oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov saxlanılıblar.
Araşdırma zamanı yanğının da məhz həmin şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.