Niyə iranlılar ən çox Makronla Putinə nifrət edirlər? –

TƏHLİL
19 Sentyabr 2019 - 20:59

Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum yenidən İran-ABŞ münasibətlərində gərginliyi artırıb.

Bu epizod bir neçə ay öncə Fars və Hörmüz körfəzində nəhəng tankerləri hədəf alan “məxfi hücumlar” silsilinə uyğun gəlir. İslam Respublikası bu hadisələrdə əli olmadığını iddia edir. Halbuki ötən ilin iyul ayında ayətullah Xameneinin (Ali Khamenei) xüsusi müşaviri Əli Əkbər Velayati (Ali Akbar Velayati) belə bir bəyanatla çıxış etmişdi: “Əgər İran öz neftini ixrac edə bilməyəcəksə, onda o biri ölkələr də bunu edə bilməyəcək”.

Bu barədə Paris Katolik İnstitutunun elmi tədqiqat şöbəsinin rəhbəri, Paris Siyasi Araşdırmalar İnstitutunun pedaqoqu, politoloq Mahnaz Şirəli (Mahnaz Shirali) “Le Huffington Post” üçün yazır.

“Donald Trampın (Donald Trump) İranın nüvə sazişindən çıxmasından və sanksiyaların bərpa edilməsindən 15 ay sonra İran vətəndaşları ölkə tarixinin ən qaranlıq səhifələrindən birini yaşayırlar. Sanksiyalar nəticəsində artıq iflas həddə çatmış ölkə iqtisadiyyatı demək olar boğulur, milli valyuta dəyərinin 75%-ni itirib, hər yerdə yoxsulluq hökm sürür, ayətullah rejiminə olan nifrət heç vaxt olmadığı kimi böyükdür”, – məqalədə deyilir.

“(…) Davakar siyasətindən imtina edə bilməyən ayətullah gah Avropa ictimaiyyətinə təzyiq göstərməklə, gah rus qonşusu, təhlükəli Vladimir Putinin dəstəyinə ümid etməklə sanksiyalardan yan keçməyə çalışır. Sonuncu rejimə dəstək müqabilində İranın əlindən Xəzər dənizinə olan hüquqlarını ala bilib. Bunun hipotetik dəstək olduğu tez bir zamanda bəlli olub. Bir il sonra 2019-cu ilin may ayında Putin bəyan edib ki, “Rusiya yanğınsöndürmə komandası deyil, biz hamını ard-arda xilas edə bilmərik”, – məqalə müəllifi xatırladır.

“Bu gün İran rejimi “kimlə gəldi” danışıqlara hazır olduğunu deyir, ertəsi gün Trampla danışıqlar üçün ilkin şərtlər irəli sürür. Bu zaman onlar prezident Emmanuel Makronun (Emmanuel Macron) başçılığı altında Avropa liderləri ilə danışıqlar aparırlar. Makron 2015-ci ildə ölü doğulan sazişi hər vasitə ilə qüvvədə saxlamaq üçün İran və ABŞ arasında özünü vasitəçi kimi qələmə verir, İslam Respublikasına 15 milyard dollar məbləğində kredit təklif edir. Bu kredit paketi Amerika sanksiyalarından yan keçməklə İran rejimini xilas edə bilər”, – məqalədə deyilir.

“(…) Belə düşünməyə əsas var ki, Fransa prezident amerikalı həmkarından fərqli olaraq öz ambisiyaları üçün kifayət qədər vəsaitə sahib deyil. Bu arada onun İslam Respublikasına – fransız xalqının nifrət etdiyi rejimə yardım səylərinin motivi hələ də müəmmalı olaraq qalır. Maraqlıdır ki, bu gün İran vətəndaşları sanksiyaların müəllifi Donald Trampa deyil, rejimin dostları Vladimir Putin və Emmanuel Makrona nifrət edirlər. Tehran küçələrində və ölkənin başqa şəhərlərində Rusiya və Fransa əleyhinə şüarlar divarları bəzəyir. Makronun İslam Respublikasının böyük tərəfdarı Yasir Ərəfatın keffiyə və pencəyində təsvir olunduğu karikatura isə sosial şəbəkələrdə durmadan yayımlanır”, – politoloq yazır.

“40 ildir davam edən qeyri-sabitlikdən, böhran və xaosdan təngə gələn iranlılar ABŞ sanksiyalarında ayətullah rejimini əzmək imkanı görürlər. Bu sanksiyalar onların həyatını dözülməz etsə də, ölkə əhalisi əzab çəkməyə hazır olduğunu deyir, yetər ki, ayətullahın qara diktaturası, onlara yalnız müharibə və ehtiyac gətirən bu diktatura mümkün olduğu qədər tez bir zamanda məhv olsun. Rejimə istənilən dəstək liderlərini qəbul etməyən ictimaiyyətin əzablarını daha da uzadır”, – sonda Şirəli qeyd edir. (Xpressa.net)